Tarlalarda becərmə işləri
Fermerlərin maddi rifah halının yaxşılaşdırılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Prezidentin tapşırıq və tövsiyələrinə əsasən, pambıqçılığın dəstəklənməsi istiqamətində daha bir addım atılıb. Pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlər məhsul yığımı ərəfəsində pambığın alış qiymətinin artırılması barədə qərar qəbul ediblər.
Təhvil verilən pambığın hər tonuna görə fermerlərə 180 manat subsidiya ödənilir. "Ağ qızıl" istehsalçıları pambığın alış qiymətinin artırılmasını bu çətin peşədə çalışanlara əsl qayğı nümunəsi hesab edirlər. Şirkətlər arasında əldə olunan razılaşmaya əsasən, pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 2023-cü ilin məhsulu üçün 1-ci növün qiyməti 800 manata, 2-ci növün qiyməti 780 manata, 3-cü növün qiyməti 740 manata, 4-cü növün qiyməti 700 manata qaldırılıb. Bu qərar fermerlərin məhsul istehsalına həvəsləndirilməsi üçün qəbul olunub.
Pambığın hər tonunun alış qiymətinin 100 manat artırılması nəticəsində "ağ qızıl" pambıq istehsalı ilə məşğul olan fermerlər xeyli əlavə qazanc əldə edəcəklər. Bu, Prezident İlham Əliyevin fermerlərə göstərdiyi qayğı və diqqətin növbəti təzahürüdür.
Saatlı rayonundakı "Agro-AZ" MMC-nin pambıq emalı zavodunun direktoru Yaşar Hüseynov deyir:
- Cənab Prezident pambıqçı əməyinə daim qayğı və diqqət göstərmişdir. Əvvəllər pambıq istehsalında, emalında, hazır məhsulun satışında mövcud olan süni əngəllər artıq aradan qaldırılmışdır. Pambığın alış qiymətinin artırılması bu qayğının daha bir parlaq nümunəsidir. İndi məhsulun əkilib becərilməsində maşın-mexanizm, dərman preparatları sarıdan çətinliklər olmasa da, çiyid səpini dövründə suvarma sarıdan problemlər yaranmışdı. Hazırda bu problem də aradan qaldırılıb. Artıq bir neçə gündür ki, çiyid səpini başa çatdırılıb. İndi tarlalarda becərmə işləri aparılır.
Direktor onu da bildirir ki, cari ildə şirkət xətti ilə 3500 hektar Saatlı, 500 hektar Sabirabad rayonu ərazisində "ağ qızıl" becərilməsini nəzərdə tutmuşuq. 588 nəfərə yaxın fermerlə müqavilə bağlamışıq. Çiyid səpini dövründə fermerlər Türkiyənin "Bəyaz Altun" sortuna üstünlük verdilər.
Tofiq HÜSEYN,
"Respublika"