Kənd təsərrüfatında ekoloji problemlər

Ölkəmizdə mövcud olan ciddi ekoloji problemlərdən zaman-zaman danışılsa da, onun həll yolları axtarılsa da, bu sahədə durum hələ də ürəkaçan deyil. Ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarının istehsalı məsələsinin dünyada prioritet təşkil etdiyi bir vaxtda isə bu problemlər daha çox diqqət tələb edir. Bu istiqamətdə müəyyən işlər görülməsinə baxmayaraq, görüləsi işlər hələ də çoxdur.
Ağaclar, yaşıllıqlar olmadan canlı mühitdən danışmağa dəyməz. Bu gün Azərbaycanda quru ərazilərin vur-tut 12 faizi meşə örtüyünə sahibdir. Halbuki dünya üzrə bu rəqəm 30, Rusiyada isə 50 faiz təşkil edir. Azərbaycan dünyada ən az oksigen istehsal edən yaşıl kütləyə sahib ölkələrdəndir. Təxminən 30 il işğal altında olan ərazilərimizdə meşə örtüklərinin vəhşicəsinə qırılması, döyüş əməliyyatlarının aparılması nəticəsində bölgələrdə relyefin pozulması da ekoloji duruma mənfi təsir göstərən ciddi amillərdəndir. Üstəlik də Mərkəzi Aran bölgələrində, Kür-Araz ovalığında su çatışmazlığı səbəbilə səhralaşma prosesinin getdiyini də nəzərə alanda nə qədər acınacaqlı vəziyyətin yarandığını təsəvvürə gətirmək elə də çətin olmaz.
Ekoloq Sadiq Həsənov "525"ə kənd təsərrüfatı sahəsindəki mövcud ekoloji problemlərdən danışarkən bu sektorun inkişafının iqtisadiyyatın əsas qollarından biri olduğunu vurğulayıb: "Son 10-15 il ərzində regionlardan əhalinin şəhərə axını həddindən artıq yüksək olub. Əsas işçi qüvvəsi olan gənclər regionu tərk edərək şəhərlərdə məskunlaşmağa üstünlük verirlər. Bu isə əsasən iş yerlərinin olmaması, kənd təsərrüfatında gəlirlərin azlığı kimi problemlərlə bağlıdır. Halbuki kənd təsərrüfatının inkişaf etdirilməsi ölkənin ərzaq təminatında müstəsna rola malikdir. Kənd təsərrüfatı məhsullarının ixrac potensialının artırılması da mühüm prioritetlərdəndir. Son dövrlər aparılan müşahidələr göstərir ki, Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün əsas faktorlardan biri olan su çatışmazlığı xeyli kəskinləşib. Su ehtiyatlarının azalmasında iqlim dəyişmələrinin də təsiri var. BMT-nin hesabatlarına görə Azərbaycanda su ehtiyatlarının 2040-cı ilə qədər təxminən 10-12 faziə qədər azalması gözlənilir. Azərbaycan Cənubi Qafqazdakı su ehtiyatlarının cəmi 15 faizinə malik olduğundan suvarma sistemində dəqiq və müasir metodlar tətbiq edilməlidir. Pambıq, taxıl, arpa, buğda, düyü və digər məhsullar həddindən artıq suya həssas bitkilərdir. Eyni zamanda üzümçülüyün və digər sahələrin də suya tələbatı çox böyük olduğundan və suvarma sistemlərimiz müasir standartlara cavab vermədiyindən, eləc də su itkisi yüksək olduğundan sahələrin tam suvarılmamasında ciddi problemlər yaşanır. Bundan başqa, bir çox münbit əkin sahələrində drenaj sisteminin işləməməsi duzlaşma prosesinin sürətliliyini artırır. Dünyanın su az olan ölkərində, o cümlədən, İsrail, Misir və Yəməndə müasir və qənaətcil əkin və suvarma metodlarından istifadə edilir, nəticədə daha az su sərf eləməklə məhsuldarlığın artırılmasına nail olunur".
S.Həsənov son dövrlərdə xüsusilə Cənub, Aran bölgərində və Kür-Araz boyu regionlarda gübrədən istifadənin həddindən artıq çox olduğunu da vurğulayıb: "Məsələn, ənənəvi olaraq azot, fosfor və digər gübrələrdən istifadə edərək məhsuldarlığı artırmağa çalışırıq. Gübrələrdən çox istifadə etmək ilk növbədə ərzağın keyfiyyətini aşağı salır və eyni zamanda, gələcəkdə torpağın münbitləşməsinin qarşısını alır. Bu həmçinin, torpaqda üzvi maddələrin, xüsusilə mineralların azalmasına, torpaqların şoranlaşmasına və duzlaşmasına səbəb ola bilir. Buna görə də gübrələrin norma ilə verilməsi, xüsusi təbii gübrələrə üstünlük verilməsi vacibdir. Bəzi regionlarda peyindən istifadə olunur. Azot gübrəsi bitki üçün çox vacibdir, eyni zamanda, fosfor gübrələrindən, zərərvericilərə qarşı xüsusi kimyəvi maddələrdən istifadə zamanı normalara riayət edilməməsi torpağın zərərli maddələrlə daha çox çirklənməsində və gələcəkdə məhsuldarlığın aşağı düşməsində, məhsulun daha çox insan səhhətinə mənfi təsir göstərməsində mühüm rol oynayır".
Kənd təsərrüfatının əsas qollarından biri də ərzaq təminatında müstəsna rolu olan maldarlığın inkişafıdır. Bu sektorun düzgün idarə edilməməsi fermentasiya nəticəsində qlobal istiləşməyə və metan qazının artmasına təsir göstərir. Bu zaman üzvi maddələrin parçalanması nəticəsində metan qazının miqdarı artır. Kənd təsərrüfatını inkişaf etdirmək istəyiriksə, gübrələrdən normada istifadə etməliyik. Azərbaycanda əkinə yararlı olan 3,5 milyon hektar sahə var ki, bu da ildən-ilə azalmağa doğru gedir. Gübrələr bitkinin inkişafında mühüm rol oynayır, amma normadan artıq olanda bitkiyə mənfi təsir edir.
Pestisidlərin norma daxilində istifadə olunmaması bitkinin daha çox üzviliyini itirməsinə, insan səhhətinə mənfi təsir göstərməsinə və torpaqların kimyəvi çirklənməsinə gətirib çıxarır".
Havar ŞƏFİYEVA

Belarusdan Azərbaycana idxal edilən toyuq məhsullarının yararsız olduğu aşkarlanıb

Pambıq sovkasına qarşı bioloji mübarizə tədbirləri davam edir
